Sualınızı soruşun

26 April 2024 Saat 12:11

Salamun aleykum Qurani-kərimin İsra surəsində ruh haqında sual edilir, lütfən ruh barəsində məlumat verərdiniz, ruh nədir?

پاسخ :

Bismilləhir-Rahmənir-Rahim

Salamun aleykum

Ruh nədir?

Mübarək İsra surəsinin 85-ci ayəsində qeyd olunan ruh haqqında müxtəlif təfsirlər nəql edilmişdir:

1-Bəzən məqsəd, peyğəmbərlərə öz risalət və məsuliyyətlərini yerinə yetirməkdə qüvvət verən  “müqəddəs ruh” mənasınadır; “Maidə” surəsinin 253-cü ayəsində olduğu kimi: وَ آتَيْنا عِيسَى ابْنَ مَرْيَمَ الْبَيِّناتِ وَ أَيَّدْناهُ بِرُوحِ الْقُدُسِ – Biz İsa ibn Məryəmin ixtiyarına çoxlu dəlillər verdik və ona “Ruhul-Qudus” ilə qüvvət verdik.

2- Möminləri qüvvətləndirən İlahi mənəvi qüvvəyə də şamil olur; məsələn, “Mücadilə” surəsinin 22-ci ayəsində deyildiyi kimi: - أُولئِكَ كَتَبَ فِي قُلُوبِهِمُ الْا يمانَ وَ أَيَّدَهُمْ بِرُوحٍ مِنْهُ – Onlar elə bir insanlardır ki, Allah taala onların qəlbinə iman vermiş və İlahi ruh ilə onları təyid etmişdir.

3-Bəzən ruh dedikdə məqsəd xüsusi olaraq “vəhy mələyi” nəzərdə tutulur və “Əmin” ləqəbi ilə tövsif edilir. “Şuəra” surəsinin 193 və 194-cü ayələrində qeyd olunduğu kimi; - نَزَلَ بِهِ الرُّوحُ الْا مِينُ* عَلى‏ قَلْبِكَ لِتَكُونَ مِنَ الْمُنْذِرِينَ – Bu Quranı “Ruhul-Əmin” sənin qəlbinə nazil etdi ki, (insanları pis işlərdən) çəkindirib qorxudan olasan.

4-Həmçinin, Allah taalanın xüsusi mələklərindən olan böyük mələk, yaxud mələklərdən üstün bir məxluq mənasına gəlmişdir, məs; - تَنَزَّلُ الْمَلائِكَةُ وَ الْرُّوحُ فِيْها بِإِذْنِ رَبِّهِمْ مِنْ كُلِّ أَمْرٍ – “Qədr” gecəsində müqəddəratı təyin etmək üçün Pərvərdigarın əmri ilə mələklər və ruh nazil olarlar, “Qədr” surəsi. “Nəbə`” surəsinin 38-ci ayəsində də belə buyurur: - يَوْمَ يَقُومُ الرُّوحُ وَ الْمَلائِكَةُ صَفّاً – Qiyamət günü Ruh və mələklər birlikdə qiyam edəcəklər.

5-Quran, ya səmavi vəhy mənasına da gəlmişdir, məs; - وَ كَذلِكَ أَوْحَيْنا إِلَيْكَ رُوحاً مِنْ أَمْرِنا –Bizim əmrimizdən olan vəhyi bu şəkildə sənə tərəf göndərdik.

 6-İnsan ruhu mənasında da gəlmişdir, necə ki, Adəmin xəlq olması barəsində gələn ayələrdə oxuyuruq: ثُمَّ سَوَّاهُ وَ نَفَخَ فِيهِ مِنْ رُوحِهِ – Sonra Adəmi qayda üzrə tənzim etdi və Öz ruhundan ona üfürdü. Həmçinin, - فَإِذا سَوَّيْتُهُ وَ نَفَخْتُ فِيهِ مِنْ رُوحِي فَقَعُوا لَهُ ساجِدِينَ –Elə ki, Adəmin xilqətini qaydaya saldım və Öz ruhumdan ona üfürdüm: -Onun üçün səcdə edin!

Beləliklə, yuxarıda qeyd edilən ruh kəlməsində bu mənaların hansı nəzərdə tutulduğu dəqiq surətdə məlum deyil, mümkündür burada insan ruhundan başqa bir ruh nəzərdə tutulmuş olsun.

Əgər insan ruhu fərz edilsə belə, necə ki, ayədə gələn və ayədən kənar bir sıra işarələr və qərinələrə əsaslanaraq bəzi təfsirçilər buyurmuşlar ki, sual edənlər insan ruhunun həqiqəti barəsində soruşurlar və bilmək istəyirlər ki, xilqət aləminin bu qəribə varlığının həqiqəti nədir? Demək, əgər bu mənanı götürsək belə, bu məsələ Peyğəmbər və imamların (əleyhimussəlam) insan ruhunun həqiqəti haqda malik olduqları elm ilə ziddiyyət təşkil etmir, çünki şərəfli ayə belə buyurur: -«وَ يَسْئَلُونَكَ عَنِ الرُّوحِ قُلِ الرُّوحُ مِنْ أَمْرِ رَبِّي وَ ما أُوتِيتُمْ مِنَ الْعِلْمِ إِلَّا قَلِيلًا»- Səndən “ruh” barəsində soruşurlar, de ki, ruh mənim Pərvərdigarımın əmrindəndir, sizə elmdən yalnız az bir miqdarda verilmişdir.

Adi insanlar malik olduqları elm vasitəsilə ruhu dərk etməyə qadir deyillər, lakin Allah-taala Peyğəmbərə və imamlara (əleyhimussəlam) yüksək bir elmi inayət etmişdir ki, onlar ruhun başqalarının dərk edə bilmədikləri bəzi həqiqətlərini müəyyən alimlərə bəyan etmiş və nəzərlərini söyləmişlər.

Ruh haqda olan müxtəlif hədislər də bir-biri ilə ixtilaflı deyildir, çünki insan ruhunun müxtəlif dərəcələri və mərtəbələri vardır. Peyğəmbərlərdə və imamlarda olan ruhun mərtəbə və dərəcəsi olduqca yüksəkdir. Necə ki, xəta və günahdan məsum olmaq, eləcə də fövqəladə elm və məlumata malik olmaq da məsumluğun əsərindəndir. Ruhun belə bir mərtəbədə olması sözsüz ki, onu mələklərdən də yüksəyə ucaldır, hətta cənab Cəbrail və Mikaildən də yüksəyə.

Bəşərin elm və bilik tarixinə əsasən, ruh məsələsi, onun əsrarəngiz xüsusiyyətləri və quruluşu həmişə alimlərin diqqət nəzərində olmuşdur. Belə ki, hər bir alim öz növbəsində çalışmışdır ki, ruhun sirləri haqda araşdlrma aparsın. Məhz bu səbəbdən alimlər və bilik sahiblərinin tərəfindən ruh haqqında söylənilən nəzərlər olduqca çox və müxtəlifdir.

Mümkündür, hazırki elm və bilik, hətta gələcək alimlərin bilikləri belə, ruhun sbütün sirlərini ələ gətirmək üçün kifayət etməsin, baxmayaraq ki, bizim ruhumuz özümüzə hər bir şeydən daha yaxındır. Amma onun gövhəri maddi aləmdə ünsiyyətdə olduğumuz şeylərdən tam fərqli olduğu üçün çox da təəccüb etməməliyik ki, bu qəribə və maddədən fərqli olan məxluqdan baş çıxarmayaq...

Lakin bütün bunlar bizim ağlın diqqəti ilə ruh haqda düşünüb araşdırma aparmağımıza və onun üsul və tənzimindən agah olmağımıza mane olmamalıdır.

Amma peyğəmbərlər və imamlar malik olduqları İlahi elm vasitəsilə ruhun həqiqətini dərk etsinlər...

Əlavə məlumat üçün “Təfsiri nümunə” kitabının 12-ci cild, səh. 279-dan sonraya müraciət edə bilərsiz.

Müvəffəq olasız!




کلمات کلیدی :


۲,۶۴۶