Şiə əqidələrinin əsasları

19 April 2024

21:02

۱,۰۰۸

Xəbərin xülasəsi :
İslamda dünyanı və dini həqiqətləri tanıyıb bu barədə mə`rifət kəsb etmək üçün üç mötəbər vasitə tanıtdırılmışdırdən: 1-Hissiyyat; 2-Əql və düşüncə; 3-Vəhy
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

İslamda mərifət yolları

İslam dünyanı və dini həqiqətləri tanıyıb bu barədə mə`rifət kəsb etmək üçün üç vasitədən faydalanmış və hər birini də özünün xüsusi çərçivəsində mö`təbər saymışdır. Bu vasitələr aşağıdakılardan ibarətdir:

1-Hissiyyat; Bu vasitənin ən mühümü eşitmə və görmə hisləridir.

2-Əql və düşüncə; Bu yolla məhdud çərçivədə olan qanunlar əsasında həqiqətlər kəşf edilir.

3-Vəhy; Vəhy-yüksək məqama malik olan seçilmiş insanların maddi aləmin fövqündə olan qeyb aləmi ilə əlaqə saxlaması üçün bir vasitədir.

Birinci və ikinci yol ümumi yönə malikdir. Yə`ni bütün insanlar dünyanı tanıyıb mə`rifət kəsb etməkdə bu iki yoldan istifadə edə bilərlər. Həmçinin bu iki yol din və şəriətin başa düşülməsində də böyük rol ifa edir. Üçüncü yol isə Allah-taalanın xüsusi lütf və mərhəmətinin şamil olduğu şəxslərə aiddir. Bunun ən bariz nümunəsi ilahi peyğəmbərlərdir.

Hissiyyat vasitəsi yalnız beş duyğudan ibarətdir.[1] Əql və düşüncə də məhdud yerlərdə istifadə olunur. Amma vəhyin miqyası daha geniş olub müxtəlif sahələrdə-istər əqidədə, istərsə də təklif və vəzifələrdə tə`sir edicidir.

Qur`ani-kərim müxtəlif ayələrdə həmin vasitələr barəsində söz açmışdır. Biz onların yalnız ikisini xatırlatmaqla kifayətlənirik.

Hissiyyat və əql haqqında buyurur:

" وَاللَّهُ أَخْرَجَكُمْ مِنْ بُطُونِ أُمَّهَاتِكُمْ لاَ تَعْلَمُونَ شَيْئًا وَجَعَلَ لَكُمُ السَّمْعَ وَالْأَبْصَارَ وَالْأَفْئِدَةَ لَعَلَّكُمْ تَشْكُرُونَ "

“Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz (dərk etmədiyiniz) halda çıxardıb sizə qulaq, göz və qəlb verdi ki, bəlkə şükür edəsiniz!”[2]

“Əf`idə” kəlməsi ərəb dilində “fuad”ın cəm formasıdır. “Qulaq” və “göz” ifadələrindən başa düşülür ki, “əf`idə” kəlməsi ilə insanın əql və düşüncəsi nəzərdə tutulur. Ayənin sonundakı “bəlkə şükür edəsiniz” cümləsindən aydın olur ki, insan bu üç qüvvənin hər birindən bəhrələnmişdir. Ona görə ki, “şükr”-ün mə`nası hər bir ne`mətin münasib yerində işlədilməsidir.

Vəhy haqqında isə belə buyurur:

" وَمَا أَرْسَلْنَا مِنْ قَبْلِكَ إِلاَ رِجَالًا نُوحِي إِلَيْهِمْ فَاسْأَلُوا أَهْلَ الذِّكْرِ إِنْ كُنْتُمْ لاَ تَعْلَمُونَ "

“Biz səndən əvvəl də özlərinə vəhy etdiyimiz ancaq kişi (cinsindən olan) peyğəmbərlər göndərmişdik. Əgər bir şeyi bilmirsinizsə, zikr əhlindən soruşun.”[3]

Dini əqidəsi olan bir insan həm varlıq aləmi və həm də məzhəbin tanınmasında hissiyyatdan faydalanır. Lakin çox vaxt hiss yolu ilə olan idrak, əql və təfəkkürün hakim olub mühakimə yürütməsinə şərait yaradır. Eləcə də, Allah, Onun sifətləri və işləri barəsində mə`rifət kəsb edilməsində təfəkkür və idrakdan istifadə olunur. Bu üç yolun hər birinin vasitəsi ilə əldə olunan nəticə öz növbəsində qənaətbəxş və həqiqətin kəşf olunmasında mö`təbər sayılmışdır.

(Əqidə dərslərinin ardını izləyin)

---------------------------------------------

[1] Eşitmə, görmə, dadma, toxunma və iyləmə duyğuları.

[2] “Nəhl” surəsi, ayə 78.

[3] “Nəhl” surəsi, ayə 43.

 

 

Etiketlər :

İslamda mərifət yolları